BAKI, 23 aprel. TELEQRAF
Azərbaycan vətəndaşları Göylərov Şəhruddin Süleyman oğlu və Ələsgərov Elşad Adil oğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Salyan Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Şəhruddin Göylərov yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə cinayət əməlini törətməkdə təqsirləndirilərək məhkəmədən yayınmaqla gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Sumqayıt Şəhər Polis İdarəsində istintaq olunan cinayət işi üzrə Elşad Ələsgərovun 15 000 (on beş min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Hər iki şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.
Hazırda qeyd olunan şəxslərlə bağlı müvafiq prosessual tədbirlər davam etdirilir.