BAKI, 23 aprel. TELEQRAF
Ukrayna Yaxın Şərq ölkələri – Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində əməkdaşlığı nəzərdə tutan üç mühüm təhlükəsizlik sənədi imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, bu razılaşmalar Ukraynanın həm özəl, həm də dövlət sektorları ilə çoxsaylı müqavilələrin bağlanmasına yol açacaq:
"Biz öz təcrübəmizi bölüşməyə, təlim missiyaları keçirməyə və müxtəlif hərbi texnikaları vahid sistemə inteqrasiya edən proqram təminatı təqdim etməyə hazırıq. Həmçinin ucuz dronların və onların birgə istehsal xətlərinin yaradılmasını təklif edirik. Məsələn, bir "Shahed" dronunun qiyməti 80-130 min dollar arasında dəyişir. Onu 3-4 milyonluq raketlə deyil, 10 min dollarlıq raket-ləğvedici ilə vurmaq mümkündür. Biz həmin ölkələrə özlərini müdafiə etməkdə kömək etmək istəyirik".
V.Zelenski vurğulayıb ki, Ukrayna digər ölkələrlə də bu cür tərəfdaşlıqları davam etdirəcək. O, həmçinin bu təcrübələrin ABŞ ilə bölüşülməsinin vacibliyini qeyd edib:
"Bütün bunları ABŞ ilə də bölüşmək lazımdır. Bizə göstərdiyi dəstəyə görə ABŞ-yə minnətdarıq və bu əməkdaşlığı onlarla da həyata keçirə bilsək, bundan qürur duyarıq".