BAKI, 9 oktyabr. TELEQRAF

Dövlət Neft Fondu ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya edib.

Fonddan Teleqraf-a verilən məlumata görə, bu yatırım ARDNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biridir.

Böyük Britaniyanın ikinci ən işlək hava limanı olan London Qatvik hər il 40 milyondan artıq sərnişinə xidmət göstərir. 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək on hava limanı sırasında yer alıb. Uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınan Qatvik, Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə əhəmiyyətli genişlənmə mərhələsinə qədəm qoyub. Proqnozlara əsasən, 2030-cu illərin sonlarınadək hava limanının illik sərnişin axını təxminən 75 milyona çatacaqdır. Qatvik hava limanı Birləşmiş Krallığın mühüm nəqliyyat mərkəzlərindən biri kimi 23 mindən çox iş yeri təmin edir və hər il ölkə iqtisadiyyatına milyardlarla funt-sterlinq dəyərində töhfə verir.

2019-cu ildə “VINCI Airports” Qatvik hava limanının 50,01%-lik səhmlərini GIP-dən əldə edib. Qalan pay isə GIP, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunmağa davam edir.

Bu investisiya, uzunmüddətli investor olaraq dayanıqlı infrastruktur aktivlərinə sərmayələr həyata keçirməklə ARDNF-nin investisiya portfelinin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.