BAKI, 21 avqust. TELEQRAF
Ukraynanın gələcəyi ilə bağlı transatlantik danışıqlar intensivləşdikcə əsas mövzulardan biri getdikcə daha çox ön plana çıxır: ölkədəki müharibəyə kim nə qədər ödəyir?
2022-ci ilin fevralından bəri Moskvanın genişmiqyaslı hücumlarına qarşı Ukraynaya dəstək məqsədilə ayrılan milyardlarla vəsait və bu yükün ədalətli bölüşdürülüb-bölüşdürülməməsi hazırda diplomatik gündəmin mərkəzində dayanır.
Teleqraf "Euronews"a istinadən xəbər verir ki, ötən ilin noyabrında Ukrayna parlamenti 2025-ci il üçün 2,23 trilyon qrivna (45,9 milyard avro) həcmində rekord hərbi büdcə təsdiqləyib. Həmin vaxt bu məbləğ ölkə ÜDM-nin 26,3%-nə və dövlət büdcəsinin 55%-nə bərabər idi.
İyul ayında isə hərbi qulluqçuların əlavə dəstəyi, silahların alınması və istehsalı üçün əlavə 412,3 milyard qrivna (8,6 milyard avro) ayrılaraq ümumi hərbi büdcə ÜDM-in 31%-nə və mərkəzi hökumət xərclərinin 67%-nə çatdırılıb.
Xatırladaq ki, büdcə daxilindəki xərclərin payı hökumətin öz resurslarından müəyyən prioritetlərə, məsələn, müdafiəyə digər xərclərlə müqayisədə nə qədər vəsait ayırdığını göstərir.
ÜDM-dəki pay isə həmin vəsaiti ölkənin bütün iqtisadiyyatı – özəl şirkətlər və digər təsərrüfat fəaliyyəti ilə birlikdə müqayisə edərək bu yükün milli iqtisadiyyata hansı səviyyədə təsir etdiyini ortaya qoyur.
Ukraynanın 2,64 trilyon qrivna (55 milyard avro) həcmində müdafiə büdcəsi ölkənin birbaşa sağ qalma ehtiyaclarını əks etdirsə də, müharibənin ümumi xərcləri bərpa işləri, humanitar ehtiyaclar və iqtisadi itkilərlə birlikdə 700 milyard avroya qədər yük formalaşdırır. Tarixən misilsiz sayılan müdafiə xərcləri bu maliyyə yükünün yalnız bir hissəsidir.
Müqayisə üçün Avropa İttifaqının (Aİ) Ukraynanın müdafiəsinə ayırdığı vəsait (həm birbaşa Aİ xərcləri, həm də üzv dövlətlərin ikitərəfli xərcləri daxil olmaqla) 2022–2024-cü illər üçün təxminən 72 milyard avro təşkil edir. Bu isə illik hesabla Aİ ÜDM-nin təxminən 0,3%-nə bərabərdir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ-nin eyni dövrdə yalnız Ukraynanın müdafiəsinə ayırdığı məbləğ 66,9 milyard dollar (57,3 milyard avro) olub. Bu rəqəm ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi 300 milyard dollarlıq iddiadan xeyli aşağıdır. ABŞ-nin bu xərcləri illik ÜDM-in cəmi 0,08%-nə uyğun gəlir.
ABŞ və Aİ kimi iqtisadi güc mərkəzləri üçün Ukraynanın müdafiəsinə yönələn vəsaitin illik ÜDM-də çox kiçik pay tutması təəccüblü deyil, lakin bu müqayisə Rusiyanın müharibəsinin ukraynalılar üçün yaratdığı real və ümumi maliyyə yükünü daha aydın göstərir.
Ukraynada müharibənin fərdi vətəndaşlara düşən maliyyə yükü
Müharibənin xərclərini daha aydın göstərməyin başqa bir yolu bu müdafiə xərclərinin hər bir vətəndaşa düşən payını hesablamaqdır. Əgər Ukraynanın müdafiə büdcəsini ölkənin hazırkı təxminən 37,86 milyon nəfərlik əhalisinə bölsək, (qaçqınların və ölkə daxilində məcburi köçkünlərin çoxluğu səbəbindən dəqiq rəqəmlər qeyri-müəyyəndir) 2022–2024-cü illərdə hər bir ukraynalının müdafiəyə faktiki olaraq təxminən 3424 avro, yəni illik 1312 avro ödədiyini hesablamaq olar. Bu məbləğ həm mütləq, həm də nisbətən ABŞ və ya Aİ vətəndaşlarının ödədiklərindən xeyli yüksəkdir.
ABŞ-nin Ukraynaya 2022-ci ildən bəri göndərdiyi vəsaitin dəqiq, sabit məbləğini müəyyənləşdirmək çətindir, çünki bu vəsait müdafiə və büdcə xərclərinə eyni qaydada uyğun gəlmir. Lakin ən yüksək hesablamalara əsaslansaq, Kiel İnstitutunun rəqəmlərinə görə, ABŞ-nin son üç ildə Ukraynaya göstərdiyi dəstək həm müdafiə, həm də humanitar yardımı əhatə etməklə 130,6 milyard dollar (111,28 milyard avro) təşkil edib.
Bu vəsaiti ABŞ əhalisinə böldükdə məlum olur ki, hər bir amerikalı Ukraynanın müdafiəsi üçün ildə təxminən 127 dollar (108 avro) ödəyib.
Kiel İnstitutunun hərbi və maliyyə öhdəlikləri üzrə hesablamalarını təxminən 138 milyard avro kimi götürsək, bu məbləği Aİ əhalisinə böldükdə hər bir vətəndaşın Ukraynanın müdafiəsində illik payı orta hesabla 95 avro edir.
Lakin ABŞ-dən fərqli olaraq, bu rəqəmlər bütün Aİ üçün eyni deyil, çünki bəzi ölkələr Ukraynanın müdafiəsinə daha çox töhfə verir, digərləri isə, məsələn, Macarıstan kimi, birgə Aİ büdcəsindən başqa demək olar ki, heç nə ayırmır. Bundan əlavə, Norveç kimi Aİ-yə daxil olmayan Avropa ölkələri də Avropa Sülh Fondu (ASF) vasitəsilə Ukraynaya dəstək göstərir. Aİ-nin Kiyevə yardımı ilə bağlı əksər hesablamalara isə ASF vəsaitləri daxil edilmir.
Əlbəttə, müqayisə aparmaq üçün nəzərə almaq lazımdır ki, Ukrayna vətəndaşının orta illik əməkhaqqı təxminən 3500 avrodur. Beləliklə, onların müharibəyə verdiyi töhfə orta illik əməkhaqqılarının üçdə birinə bərabərdir. Aİ-də isə orta əməkhaqqı 29 min 600 avro, ABŞ-də isə təxminən 62 min dollar (56 880 avro) təşkil edir. Bu səbəbdən ABŞ və Aİ vətəndaşlarının yükü ukraynalılarla müqayisədə xeyli az görünür.
Müharibə dağıntılarının xərcləri
Ukraynanın qarşıdakı on ildə bərpa ehtiyacları 448,6 milyard avro məbləğində qiymətləndirilir ki, bu da 2025-ci il müdafiə büdcəsindən təxminən 9 dəfə çoxdur. Dünya Bankının açıqladığı Dördüncü Sürətli Zərər və Tələbat Qiymətləndirilməsində ümumi infrastruktur zərərlərinin həcmi 150 milyard avro göstərilib.
Ən böyük zərər mənzil sektorunda qeydə alınıb – 48,8 milyard avro. Bu, 2,5 milyon ailəni əhatə edir və bərpa üçün 71 milyard avro tələb olunur. Nəqliyyat infrastrukturuna dəymiş zərərin həcmi 31,6 milyard avro qiymətləndirilib, tam bərpa üçün isə 66,7 milyard avro lazımdır. 2024-cü ildə əsas hədəfə çevrilmiş enerji sektorunun bərpa xərcləri isə 58,2 milyard avroya çatır.
Müqayisə üçün ABŞ və Aİ döyüşlər nəticəsində birbaşa infrastruktur itkisi ilə üzləşməyib. Yeganə istisnalar Rusiyanın diversiya halları ilə bağlıdır, məsələn, 2024-cü ilin dekabrında Baltik dənizində sualtı telekommunikasiya kabellərinə vurulan ziyandır.