BAKI 11 avqust. TELEQRAF

Bu ilin birinci yarımilində dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik sahəsinə 3 milyard 850,1 milyon manat xərclənib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, bir sıra sahələrdə büdcədən ayrılmış vəsait tam icra olunmayıb.

Belə ki, ümumi dövlət xidmətləri üzrə xərclər 2 milyard 163,7 milyon manat təşkil edib ki, bu da proqnozun 98,6 faizinə uyğundur. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına isə 1 milyard 285,5 milyon manat vəsait yönəldilib (96,5 faiz icra).

Təhsil sahəsinə ayrılan 2 milyard 472,6 milyon manat vəsaitdən planlaşdırılandan 20 faiz çox pul xərclənib. Səhiyyə xərcləri isə 792,6 milyon manat səviyyəsində olub və 95,3 faiz icra ilə planı bir qədər geridə qoyub.

Sosial müdafiə və sosial təminat sahəsində icra göstəricisi də yüksəkdir. Belə ki, 2 milyard 198,1 milyon manat vəsaitin icra göstəricisi 110,9 faizi təşkil edib. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti istiqamətinə 244,2 milyon manat sərf olunub və bu sahədə icra 94,1 faiz təşkil edib.

Bəzi sahələrdə icra göstəriciləri daha aşağı olub. Məsələn, mənzil və kommunal təsərrüfatı sahəsinə ayrılan 88,5 milyon manatın yalnız 57,4 faizi, ətraf mühitin mühafizəsi üzrə isə 122,9 milyon manatın 71,1 faizi xərclənib. İqtisadi fəaliyyət sahəsinə 2 milyard 716,9 milyon manat vəsait ayrılsa da, bu məbləğin yalnız 77,7 faizi icra olunub.

Son olaraq, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə 571,7 milyon manat xərclənib və bu vəsaitin 72,5 faizi icra edilib.