BAKI, 18 dekabr. TELEQRAF
“Ermənistanın xarici işlər naziri mənə məruzə edib ki, macarıstanlı həmkarlar qərarla razılaşıblar və bu məsələ ilə bağlı konsensus var”.
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Nikol Paşinyan Macarıstanın Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi məqsədlər üçün 20 milyon avro ayrılması ilə bağlı qərara qoyduğu vetonu götürməsi barədə danışarkən deyib.
Baş nazir bildirib ki, qərar de-yure qəbul edildikdən sonra dərc olunacaq.
“Təfərrüatları açıqlaya bilmərəm”, - Paşinyan vurğulayıb. O, həmçinin vəsaitin “sülh gündəliyi” üçün xərclənəcəyini iddia edib.
“Azadlıq” radiosunun Avropa xidməti dekabrın 17-də Macarıstanın veto qərarını geri götürməsi barədə məlumat yaymışdı.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Avropa Sülh Fondu vasitəsilə hərbi məqsədlər üçün Ermənistana 20 milyon avro ayırması qərarına Budapeşt tərəfindən veto qoyulub. Macarıstan xarici işlər naziri Peter Siyarto 2025-ci ilin mayında İrəvanda keçirilən beynəlxalq konfransda bu məsələyə toxunub. Siyarto bəyan edib ki, Macarıstan Avropa Sülh Fondunun Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil, amma regionda balansı qorumaq üçün Azərbaycana da eyni səviyyədə yardım ayrılmalıdır.