BAKI, 11 avqust. TELEQRAF
Bu ilin ilk yarısında dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 1 milyard 552,4 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə bu vəsaitin 1 milyard 353,6 milyon manatı infrastruktur layihələrinə sərf olunub.
İnfrastruktur layihələri çərçivəsində avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 58,2 milyon manat, yeni yaşayış komplekslərinin tikintisinə 239,5 milyon manat, su xətləri, kollektorlar və qurğuların qurulmasına isə 33,7 milyon manat ayrılıb. Bundan əlavə, sənaye parkları və infrastruktura 20,5 milyon manat, elektrik təchizatı işlərinə isə 1,7 milyon manat vəsait yönəldilib.
Sosial layihələrə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə 182 milyon manat sərf olunub.
Həmçinin, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə 16,8 milyon manat vəsait ayrıldığı bildirilib.