BAKI, 11 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 348.728 şəxsin qəbulu reallaşdırılıb. Onlara 556.884 sayda xidmət göstərilib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, göstərilmiş xidmətlərin 192,4 minə yaxını şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 131,3 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Yanvar – iyul ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 20,2 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 16,7 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 2.335 vergi ödəyicisinin iştirakı ilə 232 görüş keçirilib, 2.948 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1 milyon 919 mindən çox SMS göndərilib.
Qeyd edək ki, yanvar – iyul ayları ərzində ümumilikdə 184.978 müraciət üzrə 281.510 "Asan İmza" sertifikatı verilib.