BAKI, 7 avqust. TELEQRAF

Suriya Prezidenti Əhməd Şaranın iştirakı ilə bu ölkənin Mülki Aviasiya İdarəsi ilə Türkiyəinin üç, Qətərin və ABŞ-nin bir şirkəti arasında 4 milyard dollar dəyərində strateji əməkdaşlıq sazişi imzalanıb.

Teleqraf xəbər verir ki, anlaşma çərçivəsində Türkiyənin "Kalyon İnşaat" və "Cengiz İnşaat"ın da daxil olduğu konsorsium tərəfindən Şam Beynəlxalq Hava Limanının mövcud infrastrukturunun bərpası, eyni zamanda yeni obyektlərin inşası həyata keçiriləcək.

Layihə 4 mərhələdən ibarət olacaq və mərhələli şəkildə hava limanının illik sərnişin tutumu növbəti 8 ildə 31 milyon nəfərə çatdırılacaq.

Bu əməkdaşlıq, mayda imzalanmış 7 milyard dollarlıq enerji razılaşmasından sonra ikinci böyük strateji investisiya kimi dəyərləndirilir. Həmin enerji layihəsi çərçivəsində 5000 MVt gücündə enerji istehsalı nəzərdə tutulur və bunun sayəsində ölkədə illik 35 milyard kVt/saat elektrik enerjisi istehsal olunacağı proqnozlaşdırılır ki, bu da Suriya elektrik tələbatının böyük hissəsini qarşılayacaq.