BAKI, 9 iyul. TELEQRAF

2024-cü ildə Azərbaycanla Çin arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib. 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib, 6 ay ərzində bu göstərici 199 blok-qatar təşkil edib. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

“Azərbaycan Dəmir Yolları”dan Teleqraf-a verilən məlumata görə, ADY Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo ilə görüşündə iki ölkə arasında strateji əlaqələrin gücləndirilməsi kontekstində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Əməkdaşlığın əsas elementlərindən biri kimi Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı önə sürülüb. Qeyd edilib ki, Çin–Qazaxıstan–Azərbaycan–Gürcüstan–Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir.

Qeyd olunub ki, ADY və Çin Dəmir Yolları arasında əməkdaşlığın inkişafı Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verir.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, həmçinin müştərilərə daha yüksək xidmət təqdim edilməsi məqsədilə müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta Dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Kəmər və Yol Təşəbbüsü”nün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətlər qeyd edilib.

Bundan başqa, səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenovlə görüşüb.

Görüşdə iki ölkə arasında tranzit daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsinin, Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta Dəhliz üzrə fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə dəstək verəcək.