BAKI, 21 iyun. TELEQRAF

Şəhərin siluetini dəyişən çoxmərtəbəli binaların tikinti keyfiyyəti illərdir müzakirə mövzusuna çevrilib. Baxmayaraq ki, yeni binanın tikintisinə ciddi nəzarət edilir və inşaat işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rəy alındıqdan sonra başlanılır, mənzillərdəki çatlarla, inşaat işlərinin normativlərə əməl olunmadan həyata keçirilməsi yönündə çox sayda şikayətlər var. Hətta bir sıra layihələndirmə şirkətləri təməli 2012-ci ildən sonra qoyulan binalardan ev alınmasını məsləhət görürlər. Bildirirlər ki, 2005-2008-ci illərdə tikilən binalar keyfiyyətsizdir, onların zəlzələdə dağılma riski 2012-ci ildən sonra tikilənlərdən 2 dəfə çoxdur.

Onu da qeyd edək ki, ölkədə Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları 2010-cu ildən tətbiq edilir. Mütəxəssislər də etiraf edir ki, normaların qəbul edilməsində əvvəl tikinti sektorunda ciddi səhvlərə yol verilib.

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirdi ki, 2006-cı ildə ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra, tikintiyə nəzarət agentliyi də fəaliyyətə başladı:

"Bu qurum ölkədə həyata keçirilən bütün tikinti proseslərinə nəzarət edir. Yəni, tikintinin bünövrə mərhələsindən layihələndirilməsinə, binanın inşası başa çatdıqdan sonra nümunələrin götürülməsi və sonda binanın istismara qəbul olunmasına qədər bütün mərhələlərdə nəzarət həyata keçirilir. Bu səbəbdən də, 2006-cı ildən etibarən ölkədə tikilmiş çoxmənzilli yaşayış binalarına ciddi nəzarət mexanizmi tətbiq olunur və təhlükəsizlik baxımından heç bir risk mövcud deyil.”

Ekspertin sözlərinə görə, əsas təhlükə yeni tikililərdən deyil, Sovet dövründə inşa olunmuş və artıq istismar müddəti bitmiş binalardan qaynaqlanır:

Bakı, Sumqayıt və Abşeron ərazisində Sovet dövründə inşa edilmiş və artıq istismar müddəti bitmiş təxminən 16 000 çoxmənzilli yaşayış binası mövcuddur. Bu rəqəmə tarixi abidələr daxil deyil. Bu binaların əksəriyyəti 5 mərtəbəlidir. Onlardan 1 100-ü qəzalı və qismən qəzalı binalar kimi qeydiyyata alınıb. Həmin binalardan 194-ü isə yaşayış üçün təhlükəli elan olunub.

Martda bu problemin həlli məqsədilə Baş nazirin rəhbərliyi ilə müvafiq qurumların iştirakı ilə komissiya iclası keçirilib. Lakin şəhərin baş planının illərlə təsdiqlənməməsi və yeni tikintilərlə bağlı icazələrin gecikdirilməsi prosesin ləngiməsinə səbəb olur. Tikinti şirkətlərinə uyğun şərait yaradılmalıdır ki, onlar bu 16 000 köhnə binanın sökülməsi və yenidən tikintisi prosesində aktiv iştirak edə bilsinlər. Mövcud şəraitin uzanması həmin binalarda yaşayan sakinlər üçün təhlükə yaradır. Dövlət bu prosesi tam şəkildə öz üzərinə götürə bilməz – yalnız 5–10% həcmində kömək göstərə bilər.”

Arxitektor Cahid Həsənovun sözlərinə görə keyfiyyətli binaların inşasında əsas memarlıq və texniki standartlar bu gün qüvvədə olan "Tikinti haqqında" qanun və Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir:

"Bu texniki standartlar çərçivəsində betonun markasından tutmuş armaturun həcmi və bağlantı qaydalarına qədər yüzlərlə tələblər mövcuddur və bütün detallara ciddi nəzarət olunur.

Dövlət qurumlarının mütəxəssisləri tikinti prosesinin hər mərhələsini yoxlayır. Bir mərtəbə tamamlanmadan növbəti mərhələyə keçidə icazə verilmir. Bu isə ciddi nəzarət mexanizmini təsdiqləyir".

Arxitektor əlavə etdi ki, vətəndaşlar binanın keyfiyyətini özləri yoxlaya bilməz. Bu, yalnız dövlət orqanlarının səlahiyyətindədir:

“Ərazi fərqi qiymətə təsir etsə də, keyfiyyət baxımından bütün MTK-lar tərəfindən inşa olunan binalar eyni standartlara uyğun tikilir və dövlət tərəfindən təsdiqlənir. Keyfiyyətsiz bir bina heç bir halda istismara qəbul edilə bilməz.”