BAKI, 11 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) 2024-cü ildə Rusiyadan 21,3 milyard avro dəyərində neft və qaz idxal edib. Bu da Rusiyadan ümumi idxalın 59,1%-nə bərabərdir.

Teleqraf xəbər verir ki, bu məlumat Almaniyanın Federal Statistika İdarəsi tərəfindən açıqlanıb.

Sanksiyalara baxmayaraq, Rusiyadan neft və qaz alan əsas ölkələr sırasında Macarıstan (21,8%), Slovakiya (15,8%) və Fransa (14,5%) yer alıb. Bundan əlavə, Rusiya Aİ ölkələrinə metal (15%) və kimyəvi məhsullar (9,6%) ixrac edib.

Həmçinin, Aİ ölkələri Rusiyaya əsasən əczaçılıq məhsulları (28,1% və ya 8,9 milyard avro), kimyəvi məhsullar (13,9%) və ərzaq, yem (9,5%) ixrac edib.

Ümumilikdə, 2024-cü ildə Aİ-nin Rusiyadan mal idxalı 2021-ci illə müqayisədə 78 faiz azalıb – 163,6 milyard avrodan 36 milyard avroya düşüb. İxrac isə 64,6 faiz azalma ilə 89,2 milyard avrodan 31,6 milyard avroya enib.

Almaniya isə 2024-cü ildə Rusiyadan 1,8 milyard avro dəyərində məhsul idxal edib. Bu da 2021-ci illə müqayisədə 94,6 faiz azalma deməkdir. Ölkənin Rusiyaya ixracı da 71,6 faiz azalaraq 7,6 milyard avro təşkil edib.

Beləliklə, Almaniyanın Rusiyaya ixracı idxalı üstələyərək 5,8 milyard avro müsbət ticarət saldosu yaradıb – bu, iki ölkə arasında tarixən ən yüksək göstəricilərdən biri hesab olunur.

Almaniyanın Rusiyadan idxal etdiyi məhsullar arasında metallar (42,3% və ya 0,8 milyard avro), kimyəvi məhsullar (24,7%) və ərzaq-yem məhsulları (15,2%) üstünlük təşkil edib. Almaniya isə Rusiyaya əsasən əczaçılıq məhsulları (2,3 milyard avro), kimyəvi məhsullar və sənaye dəzgahları ixrac edib.