BAKI, 5 iyun. TELEQRAF
2024-cü il ərzində Mərkəzi Bankın borc öhdəliklərində azalma qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024 – cü il 31 dekabr tarixinə aid "Konsolidasiya edilmiş maliyyə vəziyyəti" haqqında hesabatında məlumat verilib.
Mərkəzi Bankın kredit təşkilatları qarşısında öhdəlikləri 6 milyard 265 milyon 219 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 255 milyon 888 min manat və ya təxminən 3.9% azalıb (2023-cü il: 6 milyard 521 milyon 107 min manat).
Digər təşkilatlar qarşısında öhdəliklər də nəzərəçarpacaq dərəcədə azalıb – 45 milyon 336 min manatdan 3 milyon 606 min manata düşüb.
Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməliyyatlar üzrə öhdəliklər isə 1 milyard 211 milyon 857 min manatdan 1 milyard 175 milyon 186 min manata enib. Bu da BVF qarşısında öhdəliklərdə təqribən 36 milyon 671 min manatlıq azalma deməkdir.
Beynəlxalq maliyyə institutları qarşısında öhdəliklər isə 2023-cü ildəki 1 milyon 706 min manatdan 2024-cü ildə 1 milyon 223 min manata düşüb.