BAKI, 22 may. TELEQRAF
Ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir. Hazırda ölkədə çayçılıq əsasən cənub bölgəsində inkişaf edib. Çay sahələrinin çoxu Lənkəranın payına düşür. Çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi nəticəsində həm daxili, həm da xarici bazar üçün məhsul istehsal edilir.
Teleqraf xəbər verir ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 min 458,8 ton çay istehsal edilib. Bunun da 172,64 tonu ixrac edilib. Bu dövrdə ölkə çay satışından 1 milyon 527 min 770 ABŞ dolları məbləğində gəlir əldə edilib.
Yeri gəlmişkən, Azərbaycan çay markaları xarici bazarlarda - Rusiya, Ukrayna, Belarus, Litva, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, ABŞ, Avropa, Çin, İraq, Ərəbistanda çox məşhurdur.
Onların arasında “Azərçay” daha önə çıxır.

100 hektar ərazidə çay plantasiyası
“Azərsun Holdinq”in 1996-ci ildə yaratdığı “Sun Tea" Çay Fabrikində istehsal edilən bu çaylar əsasən respublikanın cənubunda yetişdirilir. Fabrikin illik istehsal gücü 15 000 ton çaydır. Müəssisədə “Azerçay”la bərabər “Maryam”, “Final”, “Berqa”, “Golden Pasha”, “Pürrəngi” adlı çay markaları 200-ə yaxın məhsul çeşidi ilə istehsal olunur.
“Sun Tea" Çay Fabrikinin tərkibində Azərbaycanın subtropik ərazilərdən olan Lənkəran bölgəsində ilkin çay emalı fabriki, Astara bölgəsində 15 hektar çay əkin sahələri, Masallının Kolatan kəndində 100 hektar ərazidə çay plantasiyası var. Bu müəssisələrdə mövsümə uyğun olaraq 60-100 nəfər işçi çalışır.

Çay kolu 120 il gəlir gətirir
Çay kolu özünün təsərrüfat qiymətini 100-120 il müddətinə saxlaya bilir. Ona görə də çay ucuz məhsul hesab eddilmir. Əvvəla çay kolu çox ləng böyüyür. Yalnız 7-9 ildən sonra çay kolu birinci məhsulunu verir. Məsələn, ölkədə hər hektardan ümumi məhsuldarlıq 15.3 sentinerdir. Məhsul yığımı da asan prosedur deyil. Çay yığımı zamanı yalnız təzə yarpaqları yığmaq lazımdır.
Bu prosesi avtomatlaşdırmaq cəhdi indiyə qədər səmərə verməyib. Maşınla yığılanda köhnə çay yarpaqları da dərilir və məhsulun keyfiyyətini aşağı salır. Çayı əllə ən yaxşı yığan işçi gün ərzində və çox gərgin əməkdən sonra 10 kiloqram çay yarpağı yığa bilər. Emal texnologiyasına əsasən, 1 kq fermentləşdirilmiş qara çay istehsalı üçün 4 kq yaşıl çay yarpağı lazımdır.

BAKI-MASALLI-BAKI