BAKI, 22 may. TELEQRAF

Azərbaycan Respublikasının ərazisinə gətirilən "Aksizli malların aksiz dərəcələri”nə edilən dəyişikliyə görə, mühərrik benzinləri üzrə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 1 manat təşkil edəcək. Qeyd edək ki, bundan əvvəl verilən qərara əsasən, aksiz dərəcəsinin 200 manatdan 1 manata endirilməsi 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olmalı idi.

Teleqraf xəbər verir ki, 2025-ci ilin ilk rübündə Azərbaycan xaricdən 53.3 min ton və ya 42.21 milyon dollar dəyərində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqaisədə 5 dəfədən çox artım deməkdir.

Yanvar-aprel aylarında ölkədə 424,4 min ton benzin istehsal edilib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 17 faiz azdır. Ölkənin anbarlarında 44 min ton benzin var. 2024-cü ilin eyni dövründə 511,6 min ton (2023-cü ilin 4 ayi ilə müqayisədə 8,5% artım) benzin istehsal edilib. Ehtiyatların həcmi 66,2 min ton olub.

Gömrük statistikası göstərir ki, hesabat dövründə Azərbaycan benzini Rusiya, Rumıniya və Belarusdan idxal edib. Bir ton benzinin idxal xərcləri 776.1 dollar təşkil edib. 2024-cü i ilin ilk iki ayında bu rəqəm 799.82 dollar olub.

Hazırda ölkədə Aİ-92 markalı benzinin bir litri 1.1 manat təşkil edir.

Nəzərə çatdıraq ki, Nazirlər Kabineti, digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsinin 80 manatdan 1 manata endirilməsi barədə qərarın da müddətini 2025-ci il 1 iyun tarixinədək uzadıb.

Qeyd edək ki, idxalın kəskin artması nəticəsində Nazirlər Kabineti SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı həddi müəyyən edib. Şirkətin 2025-ci il ərzində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd təsdiqlənib.

Xatırladaq ki, ötən il Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının iyunun 29-da keçirilən iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənməsi nəticəsində iki məhsul arasında qiymət fərqi azadıldı. Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1,1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 1 manat müəyyən edildi. Bu onunla əsaslandırıldı ki, dizel yanacağından istifadənin daha yüksək ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə benzinlə dizel arasındakı qiymət fərqi azaldılıb. Qiymət dəyişikliyi enerji təhlükəsizliyinin dayanıqlığını təmin etməklə yanaşı, yanacağa qənaət edən hibrid, elektrik və sıxılmış təbii qaz hibrid, elektrik və sıxılmış təbii qaz (CNG) mühərrikli avtomobillərə keçidi sürətləndirəcək. Lakin görünən odur ki, həm dizel, həm də benzin idxalı artmaqdadır. Hazırda yerli istehsal daxili tələbatı ödəmir.

Belə ki, benzin kimi dizelin də istehsalı bu ilin yanvar-aprel aylarında ötən ilin uyğun dövrü ilə müqayisədə 8,2 faiz azalıb. Hesabat ayında 726, 4 min ton dizel istehsak edilib. Mayın 1-nə hazır dizel yanacağı ehtiyatı 154,7 min ton təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin 4 ayında ölkədə 791 min ton (5,3% artım) dizel istehsal edilib. Ehtiyatların həcmi 167,2 min ton olub.

Yeri gəlmişkən, Bakı Neft Emalı Zavodu (BNEZ) bu ilin mart ayında baş vermiş güclü yanğından sonra hələ də fəaliyyətini bərpa etməyib. Aparılan bərpa işlərinə baxmayaraq, SOCAR hələ də zavodu işə sala bilmir. Ekspertlərə görə, bu da ölkədə benzin və dizel yanacağı ehtiyatlarının kəskin azalmasına səbəb olub. SOCAR daxili bazarın tələbatını ödəmək və yanacaqdoldurma məntəqələrində qıtlığın qarşısını almaq üçün Rusiyadan benzin idxalını artırıb.

Yanacağa sərf edilən vəsaitlər əhalinin gündəlik xərclərində mühüm yer tutur. Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 156 milyon manatlıq avtomobil benzini və dizel yanacağı məhsulları satılıb. Bu, 2024-cü ilin yanvar-aprel aylarına nisbətən 7 faiz çoxdur. Alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 6,3 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.