
BAKI, 21 may. TELEQRAF
"Ötən il Azərbaycan və Çin arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib."
Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumata görə, bunu qurumun sədr müavini Arif Ağayev “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda bildirib.
O qeyd edib ki, Çindən Azərbaycana göndərilən konteyner blok-qatarlarının sayı da sürətlə artır:
"2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir."
"Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb." - deyə A.Ağayev bildirib.