BAKI, 14 may. TELEQRAF
İllərdir ləğvolunma prosesində olan “Qazax Konserv Zavodu” və “Lənkəran-Konserv” ASC-lərin səhmdarları növbədənkənar toplanır. Məqsəd də ləğv prosesinin yekun detallarını müzakirə etməkdir.
Teleqraf xəbər verir ki, ölkənin kənd təsərrüfatı və ərzaq sənayesində mühüm rol oynayan bu zavodlar dövlətin güzəştli kredit dəstəyi ilə yaradılıb.
2012-ci ildə istifadəyə verilən “Qazax Konserv Zavodu” ASC “Azərsun Holdinq”in maliyyəsi ilə yaradılıb. 1998-ci il noyabrın 27-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1.158.572 manatdır. Şirkətin qanuni təmsilçisi İbrahimova Arzu Vəli qızıdır. Ümumi sahəsi 4,7 hektar olan müəssisə meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Zavodun illik istehsal gücü 21,5 min ton təşkil edir və ümumi dəyəri 14 milyon manat qiymətləndirilir.
Qeyd edək ki, şirkət aktiv vergi ödəyicisi kimi tanınır və hər hansı vergi borcu mövcud deyil. Bununla belə, Vergi Məcəlləsinə uyğun olaraq 2008, 2010, 2019, 2021, 2022 və 2023-cü illərdə vergi hesabatlarının və ya onu əvəz edən arayışların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyalarına məruz qalıb.
“Lənkəran-Konserv” ASC-yə gəlincə, 2009-cu ildə Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasəti çərçivəsində dövlətin güzəştli krediti və “Azersun Holding” MMC-nin vəsaiti hesabına yaradılıb. Şirkətin nizamnamə kapitalı 2.862.402 manatdır, lakin qanuni təmsilçi hazırda qeydə alınmayıb.
Zavodda “Bizim Tarla”, “Bostan”, “Saville”, “Bizim Bostan”, “Chveni Supra”, “Final”, “Blendo” və xüsusi olaraq Lənkəran brendi üçün istehsal edilən “Bostan-Lənkəran” markası altında kompot və turşu məhsulları hazırlanır. Müəssisənin məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac olunur.
Şirkət aktiv vergi ödəyicisi kimi qeydiyyatdadır və onun adına hər hansı vergi borcu qeydə alınmayıb. Lakin 2015, 2017, 2019, 2020, 2021 və 2022-ci illərdə vergi hesabatlarının gecikdirilməsi səbəbilə maliyyə sanksiyaları tətbiq edilib.
Qeyd edək ki, “Qazax Konserv Zavodu” ASC 2020-ci ili 429 min manat zərərlə başa vurub.