BAKI, 13 may. TELEQRAF
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən 2025-ci ildə sahibkarların bir sıra nüfuzlu beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirakı planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro”nun açılış mərasimində çıxışı zamanı məlumat verib.
O bildirib ki, 2025-ci ildə “WorldFood Moscow”, Almaniyanın Köln şəhərində keçiriləcək “Anuga” və Şanxayda baş tutacaq 8-ci Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın vahid ölkə stendi ilə təmsil olunması nəzərdə tutulur.
Yusif Abdullayev qeyd edib ki, yerli məhsullar “Made in Azerbaijan” brendi altında təqdim olunur, ixrac müqavilələri bağlanır və yeni bazarlara çıxış imkanları yaranır:
“Bu il də biz ixracatçılarımıza dəstəyimizi davam etdiririk. Hazırda şirkətlərimiz bizim təşkilatçılığımızla Ər-Riyadda keçirilən “Saudi Food Expo 2025”də vahid stendlə iştirak edirlər. Sabahdan isə Kazanda baş tutacaq “Russia – Halal Expo 2025” sərgisində yerli ixracatçılarımızın iştirakı təmin olunacaq”, – deyə icraçı direktor qeyd edib.
Yusif Abdullayev həmçinin bildirib ki, “InterFood Azerbaijan” sərgisində AZPROMO-nun “Made in Azerbaijan” stendində təbii bal, meyvə-tərəvəz, qurudulmuş meyvələr, spirtli içkilər, şərab və süd məhsullarının istehsalı ilə məşğul olan 8 yerli şirkət iştirak edir.
Əlavə olaraq o qeyd edib ki, 2025-ci il üçün nəzərdə tutulan beynəlxalq sərgilərlə yanaşı, oktyabr ayında keçiriləcək 5-ci “Rebuild Karabakh” sərgisində də Azərbaycanın iştirakı planlaşdırılır.