BAKI, 30 aprel. TELEQRAF

2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidmətinin xərcləri gəlirlərini üstələyərək 3,518 milyon manatlıq kəsr yaradıb.

Teleqraf xəbər verir ki, 2024-cü ildə qurumun ümumi gəlirləri 92,347,186 manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 6,183,004 manat və ya təxminən 7.17% artım deməkdir.

Qeyri-birja əməliyyatlarından gəlirlər 2024-cü ildə 80,552,837 manat olub (2023-cü ildə 73,839,843 manat), bu isə 6,712,994 manatlıq artım deməkdir. Birja əməliyyatlarından gəlirlər isə azalıb: 2024-cü ildə 11,793,983 manat, 2023-cü ildə isə 12,162,310 manat. Sair əməliyyat gəlirləri də azalıb: 2024-cü ildə 366 manat, 2023-cü ildə isə 162,029 manat olub.

Xərclər də artaraq 2024-cü ildə 95,864,617 manata çatıb, bu da 2023-cü illə müqayisədə 8,331,043 manat və ya təxminən 9.5% artım deməkdir. Əmək haqqı və sosial sığorta ayırmaları üzrə xərclər azalıb – 2023-cü ildə 22,799,049 manat olduğu halda, 2024-cü ildə 22,744,784 manat təşkil edib. Sərf edilmiş materialların dəyəri azalıb – 2,406,532 manatdan 2,053,599 manata düşüb. Qurumun amortizasiya xərcləri də azalma nümayiş etdirib – 2023-cü ildə 2,054,049 manat, 2024-cü ildə isə 1,844,975 manat olub. Sair əməliyyat xərcləri isə kəskin şəkildə artaraq 60,273,944 manatdan 69,221,259 manata yüksəlib.

Qeyd edək ki, 2023 və 2024-cü illərdə maliyyə yardımları, əmlakın ləğvi və əvəzsiz verilməsi üzrə xərclər və maliyyə xərcləri qeydə alınmayıb.