BAKI, 26 aprel. TELEQRAF

Rusiyanın "Gazprom Neft" və "Gazprom" şirkətləri tərəfindən idarə olunan Serbiyanın "Naftna Industrija Srbije" (NIS) neft şirkəti ABŞ-dən üçüncü dəfə sanksiyalardan azadolma əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin prezidenti Aleksandar Vuçiç bildirib.

"Serbiya növbəti dəfə sanksiyalardan azadolmanı təmin edə bildi, bu dəfə iki aylıq müddət üçün – iyunun 27-dək. Amerikalı tərəfdaşlarımıza və Serbiyanın mövqeyinə göstərdikləri anlayışa görə təşəkkür edirəm", – Vuçiç bildirib.

NIS Serbiyada illik 4,8 milyon ton emal gücünə malik yeganə neft emalı zavodunu idarə edir. Bu zavod Balkan ölkəsinin neft məhsullarına olan tələbatının böyük hissəsini qarşılayır və sanksiyaların tətbiqi xam neft tədarükünü kəsə bilər.

Qeyd edək ki, ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) yanvarın 10-da Rusiyanın neft sektoruna qarşı sanksiyalar tətbiq edib və "Gazprom Neft"ə NIS-in sahibliyindən çıxmaq üçün 45 gün vaxt verib.

Serbiya hökuməti və NIS bu günə qədər OFAC-dan Rusiya şirkətləri ilə bir həll yolu tapmaq üçün iki dəfə bir aylıq azadolma əldə edib. İkinci azadolmanın müddəti aprelin 28-də başa çatacaq.

Fevralın 26-da "Gazprom Neft" sanksiyalardan yayınmaq məqsədilə NIS-dəki təxminən 5,15%-lik payını "Gazprom"a ötürüb.

"Gazprom Neft" NIS-in 44,85%-nə, "Gazprom" isə 11,3%-nə sahibdir. Serbiya hökuməti şirkətdə 29,87% paya malikdir, qalan hissə isə kiçik səhmdarların payına düşür.