BAKI, 22 aprel. TELEQRAF

Türkiyə Bolqarıstanda neft və qaz kəşfiyyatı ilə bağlı danışıqlar aparır, eyni zamanda İraq və Liviyada da kəşfiyyat işləri planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin energetika naziri Alparslan Bayraktar məlumat verib.

Nazirin sözlərinə görə, "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti gələn ay ərzində Bolqarıstanın Qara dənizdəki sektorunda enerji axtarışı aparmaq üçün xarici şirkətlərdən biri ilə müqavilə imzalayacaq.

Bayraktar əlavə edib ki, TPAO mart ayında son 17 ildə ilk dəfə kəşfiyyat tenderi elan edən Liviyada da maraqlıdır. Bundan əlavə, şirkət İraq, Azərbaycan və Türkmənistandakı yataqlarla da maraqlanır.

Qeyd edək ki, Bolqarıstan ötən ilin sonunda “Shell” şirkətinin bir bölməsinə Qara dənizdə neft və qaz axtarışı icazəsi verib.