BAKI, 9 aprel. TELEQRAF
2025-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 144.337 şəxs qəbul edilib və onlara 225.364 xidmət göstərilib.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu xidmətlərdən 76,6 minə yaxını şifahi xidmətlər (vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması), 51,1 minə yaxını isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibi və elektron formada göndərilməsi) olub.
Qeyd olunan dövrdə təqdim edilmiş ümumi xidmətlərin 90,2 faizini bəyannamələrin və hesabatların təqdim edilməsi, eləcə də cari vergi ödəmələri üzrə arayışların vergi orqanlarına verilməsi, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və ya bərpası, sadələşdirilmiş vergi, sosial sığorta və icbari tibbi sığorta ödənişləri üzrə qəbzlərin verilməsi, Asan İmza sertifikatlarının verilməsi, vergi ödəyicisinə müxtəlif arayışların təqdim olunması, fiziki şəxsin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi, təsərrüfat subyektinin (obyektinin) uçota alınması və ya uçotdan çıxarılması təşkil edib.
Bundan əlavə, hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 8,3 minə yaxın yazılı müraciət cavablandırılıb, 5,4 milyondan çox məlumatlandırıcı məktub və bildiriş göndərilib. Rüb ərzində 1128 vergi ödəyicisinin iştirakı ilə 93 görüş təşkil olunub, 1184 vergi ödəyicisinə isə ünvanlı xidmət göstərilib.
Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 525 minə yaxın SMS göndərilib. Həmçinin 75.488 müraciət üzrə ümumilikdə 111.838 Asan İmza sertifikatı təqdim edilib.