BAKI, 8 aprel. TELEQRAF

Tramp administrasiyasının rəsmiləri ABŞ hökumətinin bəzi əməkdaşlarına bildirib ki, İlon Maskın rəhbəri olduğu Hökumətin Səmərəliliyi Departamenti (DOGE) Prezident Donald Tramp və onun gündəliyinə, eləcə də düşmənçilik əlamətlərinə qarşı federal işçilər arasındakı kommunikasiyaları süni intellekt vasitəsilə izləyir.

Teleqraf xəbər verir ki, “Reuters” bu barədə məsələdən məlumatı olan şəxslərə istinadən məlumat yayıb.

Məlumata görə, DOGE komandası, həmçinin, “Signal” tətbiqindən istifadə edərək ünsiyyət qurur, çünki tətbiqdə mesajların müəyyən bir müddətdən sonra yox olmasına imkan verilir və bu federal qeydlərin saxlanması qaydalarını pozur.

Onlar, həmçinin, federal hökuməti təhqiqat edərkən Maskın “Grok AI” çatbotundan istifadə edib.

Süni intellekt və “Signal” tətbiqinin istifadəsi kibertəhlükəsizlik mütəxəssisləri arasında DOGE-un qeyri-şəffaf işlədiyi və Mask və Tramp administrasiyasının süni intellekt ilə toplanan məlumatları öz maraqlarına uyğun istifadə edəcəyi və ya siyasi hədəflərə qarşı yönəldəcəyi ilə bağlı narahatlıqları artırıb.

"Əgər onlar “Signal”dan istifadə edirlərsə və mesajları federal sənədlərə nüsxələmirlərsə, qanunsuz hərəkət edirlər”, - deyə Vaşinqton Universitetinin dövlət etikası üzrə mütəxəssisi Katlin Klark bildirib.

“Reuters”in “DOGE”un fəaliyyətləri haqqında məlumatı olan iyirmiyə yaxın insanla apardığı müsahibələr və qurumun məlumatlara çıxışına qarşı açılmış məhkəmə işləri üzrə yüzlərlə səhifə sənədin araşdırılması da federal hökumət əməliyyatlarında süni intellekt və digər texnologiyalardan istifadəni aydınlaşdırıb.

Buna misal olaraq, qeyd edilib ki, Ətraf Mühitin Mühafizəsi Agentliyində (EPA) qurumun rəhbərlərinə Tramp tərəfindən təyin olunmuş vəzifəli şəxslər bildiriblər ki, Maskın komandası işçiləri izləmək üçün süni intellekt tətbiq edir və bununla da, Tramp və ya Maska qarşı düşmən münasibət göstərən ünsiyyət dilini axtarır.