
BAKI, 3 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trump-ın yeni ticarət tariflərini açıqlamasından sonra dollar avro qarşısında son 6 ayın ən aşağı səviyyəsinə enib.
Teleqraf xəbər verir ki, dolların məzənnəsi bu ilin yanvarından 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Donald Trampın qələbəsi ilkin olaraq valyutanın məzənnəsinə müsbət təsir göstərsə də hazırda məzənnə yanvar göstəricisindən 5% aşağı düşüb.
Riskli aktivlərdə eniş müşahidə olunub. Belə ki, Avstraliya dolları 0,5% dəyər itirərək 0,6268 dollara, Yeni Zelanda dolları 0,26% azalaraq 0,5730 dollara, Meksika pesosu 0,25% azalaraq 20,2520 dollar səviyyəsinə düşüb. Çin yuanı isə son 1 ayın ən aşağı səviyyəsinə enib.
Yeni tariflərdən sonra avro 0,43% bahalaşaraq 1,0875 dollara çatıb. Funt Sterlinq isə 0,28% yüksələrək 1,3047 dollara qalxıb.
Nəzərə çatdıraq ki, Azərbaycan manatı dollara kross-kurs olduğundan dolların zəifləməsi manatın da digər valyutalara nisbətdə ucuzlaşmasını şərtləndirir.