BAKI, 1 aprel. TELEQRAF

Bu gündən Azərbaycan Dəmir Yolları (ADY) sıxlığın qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi marşrutu üzrə hərəkət edən qatarların cədvəlini optimallaşdırıb. Bu çərçivədə, ilk dəfə İsveçrənin “Stadler” şirkətinin istehsalı olan müasir FLIRT qatarı istifadəyə verilib.

Teleqraf xəbər verir ki, Bakı–Xırdalan–Bakı marşrutunda hərəkət edəcək FLIRT qatarı birmərtəbəli, 5 vaqonlu və 550 sərnişin tutumuna malikdir (268 oturacaqla). Qatarın maksimal sürəti 125 km/saat, orta sürəti isə 85 km/saat təşkil edir. Yeni qatarla əlaqədar olaraq Biləcəri və Xırdalan stansiyalarında müxtəlif təkmilləşdirmələr həyata keçirilib. Biləcəri stansiyasında 550 mm-lik yeni platforma tikilib, Sumqayıt istiqamətində isə mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb.

FLIRT qatarı gündəlik 10 reys həyata keçirir. Bakıdan Xırdalana səyahət müddəti 21 dəqiqə, Xırdalandan Bakıya isə 22 dəqiqədir. Yeni cədvələ əsasən, FLIRT qatarı Xırdalandan saat 06:53-də, Bakıya isə 07:15-də çatır. Bu da işə gedən sərnişinlər üçün əlavə imkanlar təqdim edir. Növbəti reys isə 08:00-da baş verir.

Qeyd edək ki, ADY-nin bu tədbirləri “Bakı şəhəri və ətraf ərazilərdə 2025–2030-cu illər üzrə mobilliyin transformasiyası proqramı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş əsas hədəflərə çatmağa və şəhər mobilliyinin təmin olunmasına böyük töhfə verir.