BAKI, 19 fevral. TELEQRAF

Bakıda ötən il sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 53,2 milyard manat təşkil edib.

Teleqraf Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Azərbaycanda ötən il 64,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Nəticədə, sənaye istehsalının 83 faizi Bakıda olub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkl edib.

Sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2025-ci il vəziyyətinə 342,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,2 milyon manat məbləğində digər məhsullar var.