BAKI, 7 may. TELEQRAF
Milli Onkologiya Mərkəzi “AzәriMed” MMC ilə daha bir müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, şirkət Mərkəzi laborator reagentlər və sərf materialları ilə təmin edəcək.
Bunun üçün “AzəriMed” MMC-yə 4 milyon manat vəsait ödənilib.
Milli Onkologiya Mərkəzi bundan əvvəl cari ilin martında “AzәriMed” MMC ilə psixotrop və güclü təsiredici dərman preparatlarının satın alınması üzrə 198 min manatlıq müqavilə bağlayıb.
Hər iki müqavilənin bitmə tarixi ilin sonuna təyin olunub.
Xatırladaq ki, ötən il “İnnovasiya və Təchizat Mərkəzi” də "AzəriMed" ilə dəyəri 44,7 milyon manatdan çox olan iki müqavilə imzalayıb. 5 tibbi mərkəzin klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması üçün şirkətə 14 milyon 759 min manat, 12 tibb müəssisəsi üzrə sözügedəm malların alınmasına 21 milyon 500 min manat, daha 5 tibb mərkəzi üçün isə 8 milyon 496 min manat ödənilib.
Qeyd edək ki, şirkət illərdir Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin dövlət sifarişlərinin qalibi olur. Təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender "udub".
"AzəriMed” MMC 2004-cü ildə 10 min manatlıq nizamnamı kapitalı ilə təsis edilib. Tibbi avadanlıqların satışını həyata keçirən MMC bu sahədə inhisarçı şirkətlərdən hesab edilir.