9 May - Faşizm üzərində Qələbə Günü dünya tarixində ən mühüm günlərdən biri hesab olunur. Bu tarix İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbənin əldə olunmasını simvolizə edir.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun bildirib ki, Azərbaycan xalqı bu qələbənin qazanılmasında böyük qəhrəmanlıq və fədakarlıq göstərib: "Həm ön cəbhədə döyüşən əsgərlər, həm də arxa cəbhədə çalışan insanlar müharibənin ağır illərində böyük əzm nümayiş etdiriblər. Müharibə illərində Azərbaycanın ən böyük strateji əhəmiyyəti Bakı nefti ilə bağlı idi. Sovet ordusunun istifadə etdiyi yanacağın böyük hissəsi məhz Bakıda istehsal olunurdu. Tankların, təyyarələrin və digər hərbi texnikaların işləməsi üçün lazım olan yanacaq Bakıdan göndərilirdi.
Müharibə zamanı Sovet İttifaqında istifadə olunan neft məhsullarının əksəriyyəti Azərbaycanın payına düşürdü. Buna görə də Almaniya Bakı neftini ələ keçirməyi əsas məqsədlərindən biri hesab edirdi. Lakin Azərbaycan xalqının əzmkarlığı və ordunun müqaviməti bu planın qarşısını aldı".
Deputatın sözlərinə görə, Azərbaycan müharibəyə böyük insan qüvvəsi də göndərib: "600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Azərbaycanlı əsgərlər Moskva, Leninqrad, Stalinqrad, Kursk və Berlin uğrunda gedən ağır döyüşlərdə iştirak edib və böyük şücaətlər göstəriblər.
Xüsusilə general Həzi Aslanovun adı qəhrəmanlıq nümunəsi kimi tarixə düşüb. O, göstərdiyi igidliyə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bundan başqa, Mehdi Hüseynzadə, İsrafil Məmmədov və digər azərbaycanlı qəhrəmanlar da xalqımızın şərəfli tarixində mühüm yer tuturlar.
Müharibə zamanı arxa cəbhədə yaşayan insanlar da böyük fədakarlıq göstərirdilər. Zavod və fabriklər gecə-gündüz fəaliyyət göstərir, insanlar ordunun ehtiyaclarını qarşılamaq üçün var gücü ilə çalışırdılar. Azərbaycan qadınları yaralı əsgərlərə yardım edir, hospitalarda çalışır və istehsalat sahələrində kişiləri əvəz edirdilər. Bakı şəhəri mühüm sənaye və tibbi yardım mərkəzinə çevrilmişdi. Burada minlərlə yaralı əsgər müalicə olunurdu.
Azərbaycan xalqı müharibə dövründə yalnız maddi deyil, mənəvi dəstək də göstəriblər. İnsanlar cəbhəyə isti geyimlər, ərzaq və müxtəlif yardımlar göndərirdilər. Xalqın birliyi və vətən sevgisi qələbənin əldə olunmasına böyük təsir göstərdi".
Vasif Qafarov qeyd edib ki, bu gün 9 May Azərbaycanda böyük hörmət və ehtiramla qeyd olunur: "Müharibədə həlak olan insanların xatirəsi yad edilir, veteranlara xüsusi diqqət göstərilir. Bu tarix bizə sülhün və birliyin nə qədər vacib olduğunu xatırladır. Azərbaycan xalqının faşizm üzərində qələbədə göstərdiyi qəhrəmanlıq isə hər zaman qürur mənbəyi olaraq qalacaq".