BAKI, 8 may. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2026-cı ilin aprelində orta hesabla 130,7 bənd təşkil edib.

Teleqraf təşkilata istinadən xəbər verir ki, bu göstərici mart ayı ilə müqayisədə 2,1 bənd və ya 1,6% yüksəkdir.

İndeks üzrə ardıcıl üçüncü ay artım qeydə alıb, lakin artım tempi əvvəlki ayla müqayisədə daha aşağı olub.

Məlumata görə, bitki yağları, ət və taxıl məhsulları üzrə qiymət indekslərində müxtəlif səviyyələrdə artım müşahidə edilib. Şəkər və süd məhsulları üzrə qiymətlərin azalması isə bu artımı qismən kompensasiya edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 bənd və ya 2% yüksək olub. Bununla belə, bu göstərici 2022-ci ilin mart ayında qeydə alınmış pik səviyyədən 29,6 bənd və ya 18,4% aşağı olub.