Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında təbii qazdan istifadə edən abonentlərin sayı artıb. Daxil olan müraciətlər əsasında 168-i əhali, 19-u qeyri-əhali olmaqla 187 mənzil, fərdi ev və digər müxtəlif təyinatlı obyektə yeni qaz xətləri çəkilib.

Həmçinin muxtar respublikada aparılan quruculuq işləri zamanı 16 min 979 paqonmetr yeni qaz xətti çəkilib və ya yeri dəyişdirilib. “Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib, bütün yaşayış məntəqələri qazlaşdırılıb.

Artıq qış aylarında da abonentlər dayanıqlı “mavi yanacaq”la təmin olunur, təbii qazın fasiləsiz nəqli istiqamətində müvafiq tədbirlər görülür, mövcud xətlərdə təmir-bərpa işləri aparılır, yeni qaz xətləri çəkilir.Birlik qış aylarında artan tələbata görə yüklənmiş qaz nəqli sisteminin normal istismarını təmin etmək məqsədilə yanvar ayında da müvafiq işlər görüb.

Ərazilər üzrə bütün sistem boyu qaz kəmərlərinə texniki baxış keçirilib, fərdi evlərin, ictimai yaşayış binalarının və istehsal sahələrinin daxili qaz xətlərinə və avadanlıqlarına nəzarət edilib. Bu tədbirlərin mütəmadi təşkili, eləcə də daxil olan çağırışların operativ yerinə yetirilməsi üçün “Naxçıvanqaz” İstehsalat Birliyində lazımi miqdarda ehtiyat boru kəmərləri, çilingər alətləri, köməkçi avadanlıqlar, işçilər üçün geyim dəstləri bazası yaradılıb.

Bundan əlavə, birlik üzrə maşın-mexanizmlərin və qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb, onların normal istismarı təmin olunub.İstehlakçıların təhlükəsizlik təlimatlarına riayət etməsinə nəzarət məqsədilə reydlər ötən ay da davam etdirilib. Əhali arasında müvafiq maarifləndirmə və izahat işinin təşkili də diqqət mərkəzində saxlanılıb. Reydlər zamanı ortaya çıxan nöqsanlar aradan qaldırılıb, istismara yararsız 3974 qaz sayğacı yenisi ilə əvəz edilib.

Bununla yanaşı, kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsinin və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə şəhər, rayon qaz istismarı idarələrinin bir qrup işçisi Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz təsərrüfatı avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər peşəsi üzrə kurslara cəlb olunub.