
Fevralın 9-da Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Daulet Yerqojinin rəhbərlik etdiyi nümayəndə heyətilə Dövlət Gömrük Komitəsində görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qazaxıstan və Azərbaycanın qardaş və tərəfdaş ölkələr kimi sürətli inkişaf yolu ilə irəlilədiklərini vurğulayıb, siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrdən söhbət açıb. DGK sədri ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Daulet Yerqojiniki qardaş ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Qonaq qeyd edib ki, Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında əməkdaşlıq yüksək səviyyədədir və yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid vardır.
Daulet Yerqojiniki Azərbaycan tərəfi ilə “yaşıl dəhliz” layihəsinin reallaşdırmaq niyyətində olduqlarını bildirdi. Qonağın bu təklifini müsbət dəyərləndirən Aydin Əliyev layihənin vacib olduğunu qeyd etdi: “Bu çox vacib layihədir və ümid edirəm ki, yaxın vaxtlarda “yaşıl dəhliz” vasitəsilə bitki mənşəli kənd təsərrüfatı məhsullarının maneəsiz keçidinə şərait yaradacaq sənədi imzalayacağıq. Söhbət aksizaltı məhsullardan başqa tez xarab olan məhsullardan, eləcə də emal məhsullarından gedir”.
Sonra qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi arasında 2015-2016-cı illər üçün ikitərəfli qarşılıqlı fəaliyyət planı imzalanıb.
Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Daulet Yerqojin imzalayıb.
Görüş başa çatdıqdan sonra Qazaxıstan nümayəndə heyəti Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.
Qonaqları mərkəzlə Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev tanış edib.
Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.
Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində “Hədəf” Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.
O da nəzərə çatdırılıb ki, “Hədəf” Mərkəzinə daxil olan videogörüntülərlə yanaşı, yük-nəqliyyat vasitələrinin nəzərdə tutulan ünvana hərəkət istiqamətlərini də elektron tabloda izləmək mümkündür. “Hədəf” Mərkəzində hava yolu ilə hərəkət edən sərnişinlərin kimliyi, həmçinin gün ərzində rəsmiləşdirilən yük-gömrük bəyannamələrinin sayı barədə bilgilər əldə etmək olar.
Mərkəzlə tanışlıqdan sonra jurnalistlərə açıqlama verən Daulet Yerqojin komitədə yaradılan informasiya texnologiyaları sahəsi üzrə bazadan razı qaldığını vurğuladı.
Naibə QURBANOVA