“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda IV Vergi Forumunda çıxış edən BMT-nin Azərbaycandakı nümayəndəsi Antonius Bruk vergidən gələn gəlirlərin yönəldilməli olduğu istiqamətlərdən danışıb.

Teleqraf.com-un məlumatına görə, o, deyib ki, vergi gəlirləri özəl sektorun inkişafına, korrupsiya ilə mübarizənin gücləndirilməsinə yönəldilməlidir: “Vergilərin necə yığılması onların nə qədər yığılması qədər əhəmiyyətlidir. Ən əhəmiyyətlisi isə onun aidiyyəti üzrə istiqamətləndirilməsidir. Vergilər Nazirliyi elektron xidmətlərə üstünlük verməklə bu siyasəti təkmilləşdirməyə və bu sahədə lider olmağa layiq namizəddir”.
Foruma qatılan Dünya Bankının Azərbaycan üzrə meneceri Larisa Leşçenko çıxışında son vaxtlar neftin dünya bazarındakı qiymətinə diqqət çəkib: “Dünya bazrında neftin sürətli enişi nəticəsində müəyyən çağırışlarla üzləşmişik. Sözsüz ki, müvafiq siysətə uyğun olaraq Vergilər Nazirliyi müəyyən tədbirlər görür. Vacibdir ki,yeni konsepsiya və yeni gəlirlər müəyyənləşdirilsin. Bu il neftin qiyməti 53 dollar səviyyəsində, növbəti ildə isə 57 dollar səviyyəsində olacaq. Belə olan təqdirdə özəl sertorun inkişafı vacibdir ki, formallıqlar aradan qalxsın. Elə sektorlar var ki, vergi ödəmirlər və onların vergiyə cəlb olunması üçün konsepsiya işlənməlidir”.

Larisa Leşçenko biznesin həyata keçirilməsi indikatorunda Azərbaycanın vergitutma sahəsində böyük uğurlar əldə etdiyini vurğulayıb və ölkəmizin vergi öhdəliyinin şəffafılığı üzrə nəzərəçarpacaq nəticələr nümayiş etdirdiyini diqqətə çatdırıb.

Naibə QURBANOVA