
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirib.
Teleqraf.com-un məlumatına görə, Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxışında vurğulayıb ki, 2014-cü ildə komitənin fəaliyyətində mərkəz xətt informasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqini genişləndirmək, vətəndaşlara daha rahat və çevik xidmətlər təqdim etmək olub.
Komitə sədri bildirib ki, ötən il 14 yeni elektron xidmətin yaradılması təmin edilib. Hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Bütün elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Ümumilikdə, indiyədək komitənin qurumlarına 158 mindən çox elektron müraciət daxil olub.
Müşavirədə bildirilib ki, 1 mart 2014-cü il tarixindən etibarən, Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində xüsusi sosial təbəqədən olan insanlar üçün ötən ildən tətbiq edilən mobil ofis xidmətlərindən ötrü xüsusi avadanlıqlarla təchiz edilmiş 22 nəqliyyat vasitəsi alınıb. Hazırda paralel olaraq respublikanın bütün regionları üzrə mobil ofis xidmətləri göstərilir.
Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 16 minə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Komitə 2014-cü ilin noyabr ayından başlayaraq daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarına dair sənədlərin kütləvi şəkildə çıxarışlarla əvəz olunması kampaniyasına başlayıb. Ümumilikdə 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib.
2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən keçirilmiş 12 vətəndaş qəbulunda 400-ə yaxın vətəndaş qəbul edilib.
Fəaliyyət sahələri üzrə vətəndaşların sorğularının operativ cavablandırılması məqsədi ilə fəaliyyət göstərən komitənin aparatında 193, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 və Hərracların Təşkili üzrə Auksion Mərkəzində qaynar xətlər üzrə cəmi 4167 müraciət daxil olub.
28 noyabr 2014-cü il tarixində Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi BMT Avropa İqtisadi Komissiyası (AİK) və Dünya Bankı ilə birgə “BMT-nin regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti” mövzusunda beynəlxalq tədbir keçirib.
Müşavirədə komitənin struktur bölmə və qurum rəhbərləri komitənin fəaliyyət sahələri üzrə illik göstəricilərilə bağlı çıxışlar ediblər.
Bildirilib ki, 2014-cü ildə 770-dən çox müəssisə və obyekt, 650-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 530-dan çox qeyri-yaşayış sahəsi və 400-dən çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 52 pul hərracında 33 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 28,2 milyon manat məbləğdə investisiya qoyulub.
Komitənin sərəncamında olan dövlət müəssisələrindən 55-i və dövlətə məxsus səhmləri olan səhmdar cəmiyyətlərindən 205-i illik balans hesabatlarını təqdim ediblər.
Hesabat dövründə 5798 müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb, 3739 ədəd Registrdən çıxarış sənədi hazırlanıb.
2014-cü ildə 205200-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb (57950-yə yaxın ilkin qeydiyyat, 147250-dən çox təkrar qeydiyyat).
Hesabat dövründə 45600-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 175000-ə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
Ümumilikdə Bakı şəhərinin 630 küçə və prospekti üzrə 87518 yeni giriş ünvanı, 551 küçə və prospekti üzrə 250452 yeni daxili, 239987 köhnə daxili ünvan, Sumqayıt şəhərinin 166 küçə və prospekti üzrə 21620 yeni giriş ünvanı, 55911 yeni daxili ünvan, 54490 köhnə ünvan ÜRİS-ə daxil edilib.
Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb.