BAKI, 30 iyul. TELEQRAF

"Dünən ağır qəza nəticəsində həyatını itirən keçmiş futbolçular Rauf Hüseynov və Bəhruz Sultanov "Qobu" futbol klubunun oyunçusu olub. Hər ikisi təxminən bir il əvvəl klubun formasını geyinib. Onların faciəvi şəkildə ölümündən biz də sarsıldıq".

Bunu Teleqraf-a açıqlamasında "Qobu" futbol klubunun rəhbəri Rəşad Abasov Qobu-Lökbatan yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən klubun sabiq futbolçuları Rauf Hüseynli və Bəhruz Sultanov barədə danışarkən deyib.

O bildirib ki, hadisə barədə detallı məlumatı yoxdur: "Hər ikisinin son klubu "Qobu" olub. Təxminən Rauf məşqçi kimi çalışmağa başladı, azyaşlı uşaqlara dərs deyirdi. Səhv etmirəmsə, Bəhruz da Raufun yanında işləyirdi. Dost idilər. İkisi də bir yerdə böyüyüblər. Bəhruz subay idi, amma Raufun 3 qızı var. Maşın da Raufa məxsus olub. Daha əvvəl onların adı hər hansı insident və ya hadisədə hallanmayıb. Problemsiz, sakit təbiətli insanlar olublar. Onlar birlikdə avtoyuma məntəqəsi işlədirdilər".

Qeyd edək ki, dünən axşam saatlarında Qobu-Lökbatan yolunda baş verən ağır-yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.