BAKI, 30 iyul. TELEQRAF
Abşeron rayonunda 2 keçmiş futbolçunun ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb.
Bu barədə Teleqraf-ın sorğusuna Baş Dövlət Yol Polisi İdarəsindən cavab olaraq bildirilib.
Belə ki, iyulun 29-u saat 12 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Rauf Ədalət oğlu Hüseynovun idarə etdiyi "Toyota" markalı 99-MN-361 nömrəli və qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ağaverdiyev Mais Ağahüseyn oğlunun idarə etdiyi "Qazel" markalı 99-JJ-547 nömrəli avtomobillər toqquşub.
R.Hüseynov və sərnişini olan həmyerlisi, 1985-ci il təvəllüdlü Bəhruz İlham oğlu Sultanov hadisə yerində ölüb. "Qazel" markalı avtomobilin sürücüsü M.Ağaverdiyev xəstəxanaya yerləşdirilib. Məlumata görə, onun əziyyəti orta-ağırdır.
Fakt üzrə Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Məlumata görə, qəzada ölən B.Sultanov və R.Hüseynov “Qobu” Peşəkar Futbol Klubunun oyunçuları olub.
Həlak olanlardan Rauf Hüseynov eyni zamanda futbol məşqçisi kimi də fəaliyyət göstərib.
***
Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən verilən məlumata görə, Qobu-Lökbatan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 1977-ci il təvəllüdlü şəxs (kişi) iyulun 29-da saat 13:00 radələrində Sabunçu Tibb Mərkəzinə Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona ilkin tibbi yardım göstərilib, kəllə beyin travması, diz qapağının sınığı, ətrafların sıyrıntısı diaqnozu təyin edilib.
Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir", - məlumatda qeyd olunub.