BAKI, 22 iyul. TELEQRAF

“Fikrimcə, çox yaxşı oynadıq, sadəcə daha çox qol vurmağı bacarmadıq. Amma “KuPS” yaxşı komandadır, əminəm ki, gələn həftə 100% fərqli futbol oynayacaqlar”.

Bunu Teleqraf-a açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mikels deyib.

32 yaşlı hücumçu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Bank Respublika Arena”da Finlandiyanın “KuPS” klubunu 1:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı danışıb:

“Bəli, qələbə qazandıq, amma məyusuq. 4:0 hesabı ilə qalib gələ bilərdik və ya gəlməli idik. Amma sonda istədiyimiz qələbəni qazandıq. Gələn həftə fərqli bir oyun olacaq, səfərdə oynayacağıq. İnanırıq ki, sonda qələbə bizimdir”.

Mikels qarşılaşmada “Sabah”ın ləğv edilən ilk qolu zamanı hakimin qərarını ədalətli hesab edib: “Yox, qol deyildi. Gördüm ki, hücumçu başlanğıcda topa toxunmamışdı. Mən də hakim kimi gördüm”.

O, növbəti görüşdə bəzi səhvləri aradan qaldırmağa çalışacaqlarını bildirib: “Hər həftə olduğu kimi gərgin məşq edəcəyik, diqqətimizi cəmləyəcəyik. Qol epizodlarını dəyərləndirmək, son zərbələr üzərində bir az çalışmalıyıq. Ümid edirəm ki, cavab görüşündə də qalib gələrək mərhələni keçəcəyik”.