BAKI, 22 iyul. TELEQRAF
"Arzum 999" ləqəbli ilə tanınan tiktoker İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Tiktoker məhkəmə zalından azad edilib.
***
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən İlduzə Hacıyevanın hüquq və vəzifələri izah edilib. Müəyyən edilib ki, İlduzə Hacıyeva Azərbaycan vətəndaşı olsa da, onun faktiki yaşadığı ünvan Almaniyadadır.
Prosesdə məlum olub ki, zərərçəkmiş Sənubər Muradova, zərərçəkmiş Amal Məlikovun hüququ varisi və onların nümayəndələri prosesdə iştirak etmir.
Tərəflər onların iştirakı olmadan məhkəmənin ilkin baxış iclasının keçirilməsinə etiraz etməyiblər.
Hakimlər heyəti onların iştirakı olmadan prosesin keçirilməsi barədə qərar qəbul ediblər. Daha sonra təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev vəsatətlə çıxış edib.
O, İlduzə Hacıyevanın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.
Vəkil qeyd edib ki, müvəkkilinin barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılan hökm qanuni ola bilməz: "Apellyasiya baxışı uzun müddət davam edə bilər. Çünki burada araşdırılmalı olan bir çox məsələlər var. Bunun üçün də hüquqlarını müdafiə etdiyim İlduzə Hacıyevanın bu müddətdə həbsdə qalmasını doğru hesab etmirəm. Bu işdə bəraət alacağımıza əminəm. Bundan başqa, yol qəzaları ilə bağlı həbsdə olan şəxslərlə maraqlandım. Bir nəfər də olsun təqsirləndirilən qadının yol qəzasına görə həbsdə saxlanılmadığının şahidi olduq.
Bu işdə İlduzə Hacıyevanın həbsdən azad olunacağını əminliklə deyə bilərik. Amma burada bu sözləri deməklə məhkəmənin qərarına təsir göstərmək kimi niyyətimiz yoxdur.
İlduzə Hacıyeva bu iş üzrə bəraət almasa belə, onun həbsdən azad olunması üçün qanun mövcuddur.
Belə ki, İlduzə Hacıyevanın dörd yetkinlik yaşına çatmayan övladı var, onlardan ikisi daha azyaşlıdır.
Buna görə də Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq olunmaqla, onun cəzası təxirə salınmasının qanunvericiliklə mümkündür.
Bundan başqa, İlduzə Hacıyeva ev dustaqlığında olan zaman qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı hər hansı bir qaydanı pozmayıb. O, həmin müddətdə hüquqa zidd hərəkətlərə yol verməyib. Bildirdiyim kimi, İlduzə Hacıyevanın dörd yetkinlik yaşına çatmayan övladı var, onlardan ikisi azyaşlıdır. Övladlarından biri autizm sindromludur. Onun qayğıya ehtiyacı var. Artıq yeddi aydır ki, həmin uşağın müalicəsi aparılmır. Bu da onun səhhətinin ağırlaşması ilə nəticələnə bilər".
Hikmət Əliyev çıxışının sonunda vəsatətin təmin olunmasını məhkəmə heyətindən xahiş edib.
Vəkil onu da əlavə edib ki, İlduzə Hacıyevanın övladları analarının həbsdən azad olunması üçün sosial şəbəkə üzərindən müraciət ünvanlayıblar.
İlduzə Hacıyevanın digər vəkili Fərid Hacıyeva isə apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. O bildirib ki, birinci instansiya məhkəməsində verdikləri vəsatətlərin heç biri təmin olunmayıb. Vəkilin sözlərinə görə, bu vəsatətlərdən biri hal şahidlərinin dindirilməsi, onların anten dairələrin müəyyən olunması ilə bağlı vəsatətlər olub. Vəkil iddia edib ki, hal şahidlərinin kimlikləri düzgün müəyyən edilməyib. Vəkil bu halların, həmçinin digər halların araşdırılması üçün apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını vacib olduğunu bildirib.
Vəkillərin vəsatətlərinə İlduzə Hacıyeva münasibət bildirib. O, vəkillərinin çıxışı ilə razı olduğunu deyib. Məhkəmə vəkilin vəsatətini təmin edib və İlduzə Hacıyevanın ev dustaqlığına buraxılması barədə qərar qəbul edilib. O, ev dustaqlığına buraxılıb. Bundan başqa işin məhkəmə istintaqının aparılması barədə qərar qəbul edilib. Ona ev dustaqlığında olduğu müddətdə ailəsi ilə ünsiyyət saxlamaq istisna olunmaqla sosial şəkələrdən istifadə etmək qadağan olunub.
Məhkəmə baxışı iyulun 31-də davam edəcək.