BAKI, 12 yanvar. TELEQRAF
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran rayonunun Cil kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Elvin Nuriyevə məxsus ümumi sahəsi 480 kvadratmetr olan, 2 mərtəbəli, 6 otaq və 1 aynabənddən ibarət fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.
Dərhal hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin 3 texnikası və 16 nəfər şəxsi heyəti cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb və alovun ətrafdakı evlərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, ailənin 3 azyaşlı övladı var. Yanğın zamanı xəsarət alan olmayıb.
Məlumata görə, yanğın səbəbindən Cil və Şağlaser kəndlərində elektrik enerjisinin verilişində iki saata yaxın fasilə yaranıb.
Faktla bağlı araşdırma davam etdirilir.