BAKI, 9 yanvar. TELEQRAF

Qaradağda yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbdə insident baş verib.

Teleqraf xəbər verir ki, hadisə tədris prosesi zamanı qeydə alınıb.

Riyaziyyat müəllimi məktəbin direktor müavinini döyüb. Nəticədə direktor müavini çənə və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Hadisə məktəbdə olan digər müəllimlər və şagirdlər tərəfindən müdaxilə edilərək sakitləşdirilib.

Məlumata görə, riyaziyyat müəllimi məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

180 nömrəli məktəbdən Teleqraf-a bildirilib ki, hadisə ötən ilin oktyabrın 28-də baş verib.

"Həmin gün məktəbin riyaziyyat müəllimi uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı ilə münaqişə yaradıb və ona xəsarət yetirib.

Məsələ ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırma nəticəsində riyaziyyat müəllimi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən cərimə olunub. Məsələ ilə bağlı məhkəməyə müraciət olunduğu üçün araşdırma davam edir.

Məktəbdə pedaqoji mühitə zidd davranışına, məktəb rəhbərliyinə, müəllimlərə qarşı uyğunsuz münasibətinə və "Təhsilverənlərin etik davranış Qaydaları"nı pozduğuna görə qeyd olunan riyaziyyat müəlliminə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - məlumatda qeyd olunub.