​BAKI, 29 may. TELEQRAF

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 2014-cü ildə quldurluq hadisəsi törədən 37 yaşlı Aqil Şirəliyev müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, əvvəllər də dəfələrlə məhkum edilmiş və hazırda həbsdə olan Aqil Şirəliyev həmin vaxt şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunaraq gecə saatlarında rayon sakininə məxsus evə daxil olub.

O, ev sahibinə fiziki zor tətbiq edərək soyuq silahla hədə-qorxu gəlib və zərərçəkmişin pulunu ələ keçirib.

Polis əməkdaşlarının əməliyyat-istintaq tədbirləri və müvafiq ekspertizalarla cinayətin A.Şirəliyev tərəfindən törədildiyi müəyyən edilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.