BAKI, 25 may. TELEQRAF.

Günəşdə ən yüksək səviyyəli - X sinfinə aid edilən partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə akademik Y.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

Məlumata əsasən, Bakı vaxtı ilə saat 05:42-də Günəşin 4098 (S05W22) ləkə qrupunda rentgen diapazonunda 17 dəqiqə davam edən X1.1 sinifli partlayış baş verib.

Qeyd edək ki, gücündən asılı olaraq, günəşdə baş verən partlayışlar beş sinifə bölünür (A, B, C, M, X sinifləri). Ən aşağı səviyyəli partlayışlar A0.0 sinfinə aiddir və Yer kürəsi orbitində hər kvadratmetrə 10 nanovat radiasiya gücünə bərabərdir. Növbəti mərhələyə keçdikcə partlayışın gücü 10 dəfə artır. X sinifli partlayışlar ən güclü hesab olunur və şiddətli geomaqnit qasırğalara səbəb ola bilər.