​BAKI, 15 may. TELEQRAF

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib.

İttihama görə, Zaur Əsgərov və Gündüz Mirzəyev həbs edilməmişdən bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndiriblər. Onlar bu hərəkətləri ilə geniş əhali kütləsini bu kimi fəaliyyətlərə təşviq ediblər.

Dövlət əleyhinə çağırışlar etmiş və hazırda məhkum olunmuş Elşən Kərimov və digər şəxslər sosial şəbəkələrdə "Azərbaycan naminə birlik" platforması, həmçinin AXCP-nin dostluq qrupu yaradıblar. Həmin qruplara adamları topladıqdan sonra çağırışlar etməyə başlayıblar. Orada əxlaqsız ifadələr işlədiblər, cihada çağırışlar ediblər.

Həmçinin vəzifəli şəxslərə itaətsizlik etməyə yönələn çağırışlar yayıblar.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Məlum olub ki, Gündüz Mirzəyev daha əvvəl Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun hökmü 3 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

İttihama münasibət bildirən təqsirləndirilən Zaur Əsgərov özünü ittiham üzrə təqsirli bilməyib. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün üzr istəyib, peşman olduğunu bildirib.

Digər təqsirləndirilən Gündüz Mirzəyev özünü təqsirli bilib, peşman olduğunu deyib. Daha sonra Gündüz Mirzəyev sərbəst ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib.

Qeyd edib ki, barəsində yayılan səs yazıları 2020-ci ilədək olan səs yazılarıdır: "Ondan sonra həbs edildim. Daha belə danışıqlarım olmayıb. Mən AXCP üzvü olmuşam. Kolxozçu kimi danışmışam. Amma sonrakı illərdə heç bir danışığım olmayıb. Bir vətəndaş kimi etdiyim əməllərdən peşman olmuşam. Partiyadan da istefa vermişəm. Prezidentə bağışlanmağım üçün müraciət etmişəm".

Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirən şəxs bildirib ki, yaradılan qruplarda siyasəti başa düşməyən adamlar yığışıb, onlardan da biri o özü olub: "Əvvəllər müxtəlif işlərdə işləmişəm. Sonradan işsiz qalmışam, kasıbçılıqdan əziyyət çəkdiyim üçün AXCP-yə üzv olmuşam. Sosial ədalətin bərpa olunmasını istəmişəm. Amma terrorçuluğa çağırışlar etməmişəm. Rusiyadan xeyli adam var idi ki, bizim kimi paylaşımlar edirdilər. Yüzdən artıq telefon nömrəsi var idi. Adları yadımda qalmayıb".

Gündüz Mirzəyevin sözlərinə görə, cinayət törətməyə meyilli insan deyil: "Bir söhbət etmişəm, səhvimi anlamışam, dövlət və qanun qarşısında üzr istəməyə hazıram. Mən gərgin vəziyyətdə olduğuma görə bu ifadələri yazmışam. Buna görə özümü günahkar sayıram. Heç kimə qarşı əxlaqsız ifadəm olmayıb. Zaur Mirzəyevlə hakimiyyəti zorla ələ keçirmək barədə söhbət etməmişəm. Mən normal şüurlu insanam, belə hərəkət etməmişəm. Zaurla danışmışıq, ümumi söhbətlər etmişik. SMS-lər yazıb, paylaşmaq kimi bir söhbətimiz olmayıb.

Mənim günahım yoxdur, buraxın gedim. Azərbaycan konstitusiyasının zorla dəyişmək, hakimiyyəti zorla ələ keçirmək kimi nə niyyətimiz olub, nə də bu mümkündü..."

Digər təqsirləndirilən Zaur Əsgərov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, Gündüz Mirzəyevlə yaxın münasibət saxlamayıb, bir dəfə onunla 10 dəqiqəlik söhbət edib. Sosial şəbəkələrdə eyni qrupların üzvü olublar: "Orada yaşayış tərzi ilə bağlı yazışmışıq. Heç bir çağırışlar eləməmişik. Mən hakimiyyətə seçki yolu ilə gəlmək barədə çağırışlar etmişəm".

Təqsirləndirilən şəxs deyib ki, bazarda alverlə məşğul olub: "Günümün çoxu bazarda və yollarda keçib. Mənim boş vaxtım olmayıb".

Məhkəmədə Zaur Əsgərovun ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb. O, ifadəsində Elşən Kərimov tərəfindən yaradılan qruplarda hakimiyyəti zorla ələ keçirmək barədə çağırışlar etdiyini bildirib.

Təqsirləndirilən şəxs belə ifadə verməsini savadsızlığı ilə izah edib.

Şahid qismində ifadə verən Elşən Kərimov bildirib ki, hər iki təqsirləndirilən şəxsi tanıyıb. "Azərbaycan naminə birlik" platformasına üzv olublar, həmin platformadan tanışdılar: "AXCP-nin dostluq qrupunun üzvü olsam da, orada fəallıq göstərməmişəm. Buna vaxtım olmayıb. Biz dövlətimizə, bayrağımıza bağlı adamlarıq. Dövlət əleyhinə çıxışlar etməmişəm".

Növbəti proses mayın 22-ə təyin edilib.

Qeyd edək ki, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən dəstənin digər üzvü Elşən Kərimov bir müddət əvvəl mühakimə olunub və cəza alıb.