BAKI, 17 mart. TELEQRAF

Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.03.2025-ci il tarixində saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

2 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.

***

12:06

Bu gün saat 9 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.