Deputat: “Bu təyinatı böyük etimad və şərəf hesab edirəm”

“Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə icra katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri təsdiq edilməyimlə əlaqədar çox sayda insanlardan təbriklər alıram. Təbrik edən hər kəsə diqqəti üçün təşəkkür edirəm. Bu təyinatı özümə böyük etimad və şərəf hesab edir və fəaliyyətimlə etimadı doğruldacağımı bildirirəm”.

Teleqraf.com-un məlumatına görə, bunu YAP İdarə Heyətinin yanvarın 29-da keçirilən iclasında qəbul edilmiş qərara əsasən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri təyin olunmuş YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə daha sonra deyib: “Ulu öndər Heydər Əliyevin adı ilə yaranmış Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçib, milyonların partiyası olub, müstəqil Azərbaycan dövlətinin qurulmasına öz böyük töhfəsini verib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız öz tarixi şansını reallaşdıraraq, dövlətimiz dünya birliyinin nüfuzlu bir üzvünə çevrilib. Bu gün cənab prezidentin apardığı siyasət iqtisadiyyatımızı gücləndirir, sosial məsələləri tədricən uğurla həll edir, insan hüquqlarının təmin edilməsini iqtidarın daim həll etdiyi əsas məsələyə çevirir. Bu böyük siyasətə hər bir vətəndaşın öz töhfəsini verməsi gücümüzü daha da artırır, bizləri qarşımızda duran daha böyük məsələlərin həllinə yaxınlaşdırır”.

Qeyd edək ki, YAP İdarə Heyətinin yanvarın 29-da keçirilən iclasında Aydın Mirzəzadə ilə yanaşı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevaya da vəzifə verilib. S.Fətəliyeva YAP İcra Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib.

Səxavət