Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, martın 1-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 32 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının martın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,8 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın tiryək, 660 qram həşiş, 4,7 kiloqramdan çox metamfetamin, 86 ədəd çətənə kolu, həmçinin 400 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.