Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iki il əvvəl törədilən qətllə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Belə ki, 2020-ci il oktyabrın 11-də paytaxt sakini Rüstəm Bayramovun meyiti Suraxanı rayonu Hövsan qəsəbəsində asfalt yolun kənarında aşkar edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilərək iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib və istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən edilib ki, 2020-ci il oktyabr 10-u saat 22 radələrində Radiq Feyziyev, Tahir Ələkbərov və Rəşad Kərimovun şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Rüstəm Bayramovun baş və bədəninin müxtəlif nahiyyələrinə yumruq, təpik və yerdən götürdükləri daş parçaları ilə zərbələr endirərək onu qəsdən öldürmələrinə əsaslı şübhələr var.
Toplanmış mötəbər sübutlar əsasında cari il iyulun 23-də hər 3 şəxsə Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
***
09.48
Polis və prokurorluq orqanları əməkdaşlarının əvvəlki illərdən bağlı qalan cinayətlərin açılması istiqamətində keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən növbəti ağır cinayətin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
2020-ci il oktyabr ayının 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov tutularaq istintaqa təhvil verilib.
R.Feyziyev və T.Ələkbərov isə Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar.