BAKI, 7 noyabr. TELEQRAF

Konqo Demokratik Respublikasının (KDR) şərqində silahlı qruplaşmanın kəndə hücumu nəticəsində 37 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə RFI radiosu Konqo ordusuna istinadən məlumat yayıb.

Məlumata görə, Müttəfiq Demokratik Qüvvələrinin silahlıları Şimali Kivu əyalətində, Beni şəhəri yaxınlığında yerləşən Kantine-Aloya kəndinə hücum ediblər. Hücum zamanı mülki şəxslər öldürülüb, evlər yandırılıb və kənddə talan hadisələri baş verib.

Bildirilib ki, silahlı qruplaşmaya qarşı mübarizə aparmaq üçün əraziyə əlavə ordu qüvvələri göndərilib.