BAKI, 18 oktyabr. TELEQRAF

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Özbəkistanda səfərdədir.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Daşkənddə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra Özbəkistan Həmkarlar İttifaqları Federasiyasında keçirilən görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişafı istiqamətləri müzakirə olunub.

Görüşdə ölkələrimiz arasında Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin siyasi iradəsinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin, davamlı inkişaf edən strateji tərəfdaşlığın həmkarlar ittifaqları arasında da əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli zəmin yaratdığı vurğulanıb.

Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədri Qudratilla Rafiqov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin və birgə təşəbbüslərin həyata keçirilməsinin önəmini qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqları sisteminin modernləşdirilməsi, üzvlərin əmək hüquqlarının müdafiəsi və layiqli əmək şəraitinin təmin olunması istiqamətində görülən işlərdən bəhs edib, AHİK-in sağlamlıq və istirahət mərkəzlərinin fəaliyyəti və göstərdiyi xidmətlər, eləcə də Azərbaycanın sağlamlıq turizmi imkanları barədə məlumat verib.

Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Özbəkistan Həmkarlar İttifaqları Federasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandum qarşılıqlı faydalı tərəfdaşlığın inkişafını, birgə layihə və təşəbbüslərin reallaşdırılmasını, təcrübə mübadiləsinin genişləndirilməsini və digər məsələləri nəzərdə tutur.
Görüşdə AHİK-in sağlamlıq və istirahət mərkəzlərinin fəaliyyəti, mövcud imkanları və göstərilən xidmətlər barədə təqdimat keçirilib.