BAKI, 25 sentyabr. TELEQRAF

Polşanın “Rakuv” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Teleqraf-a müsahibə verib.

Müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsus olan 29 yaşlı hücumçu gələcək planları, Polşadakı uğurlu karyerası, Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun onun oyununu izləmək üçün Polşaya səfəri, Bundesliqaya qayıtmaq ehtimalı və digər məsələlərlə bağlı sualları cavablandırıb.

– Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “Rakuv”un oyunlarını izləmək üçün Polşaya gəlmişdi. Onun gəlişi necə qarşılandı?

– Baş məşqçinin gəlişi xaricdə çıxış edən hər bir futbolçu üçün çox önəmlidir. Çünki bu, avtomatik olaraq kluba da bir siqnaldır: futbolçularımız bizim üçün dəyərlidir. Orada fikir alış-verişi də olur. Mənim üçün daha müsbət oldu. Ayxan müəllim bizim oyunumuzu izləməyə gələndə iki gün idi ki, yeni baş məşqçim təyin olunmuşdu. Bu baxımdan yeni baş məşqçimin başqa məşqçi vasitəsilə məni tanıması önəmlidir. Həm meydanda, həm meydandan kənarda xasiyyətimi öyrənmək və s. baxımından. Düşünürəm, faydalı oldu, onlar da razı qaldılar. Hətta ilk qələbəmizi də onda qazandıq. Klubumuzun prezidenti dedi ki, istərdik, hər zaman gələsiniz. Ayaqları düşərli oldu (gülür). Ümumilikdə mənim üçün xoş oldu. Çünki yanılmıramsa, birinci dəfədir ki, millinin baş məşqçisi hansısa legioner həyatı yaşayan futbolçunun oyununa gedir, izləyir. Dünya praktikasında da normal haldır.

– Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, “Rakuv” rəhbərliyi sizinlə bağlı müsbət fikirdədir və sizi birdəfəlik transfer etmək istəyir. Bu barədə nə deyə bilərsiniz?

– Futbol dəyişkən idman növüdür. Əfsus ki, futbolda dünən yoxdur. Bu gün oynadığım oyundan razıdırlar və o fikirdədirlər. Amma sabah nə ola bilər, bilmirik. İşimdə artıq sabahı düşünmək istəmirəm. O an nə tələb olunursa, onu etmək istəyirəm. Həmin an doğru olan nədirsə, onu edirəm. Gələcəkdə görəcəyik necə olur. Alış opsiyaları var, müəyyən şərtlər altında istifadə edə bilərlər. Amma mən tam olaraq istəyirəm futboldan həzz alım.

– Ötən mövsüm II Bundesliqada karyeranız uğurlu alınmamışdı…

– Keçən il mənim üçün çox ağır idi. Həm şəxsi, həm də idman həyatım üçün. Mental olaraq depressiya dərəcəsinə çatmışdım. Sağ olsunlar, Polşada mənə olan etimad bu durumdan çıxmağa çox kömək oldu. Futbolu yenidən sevdiyim, istədiyim kimi yaşamaq mənim üçün çox önəmli idi.

– İlk dəfə Polşada oynayanda da uğurlu çıxış etmişdiniz. Polşanı sizin üçün "düşərli ölkə" saymaq olar? Düzdür, komandanız autsayderlər sırasında olsa da, oranın ulduzu sayılırsınız.

– Heç düşərli demək olmaz, Ekstraklasada oyun uda bilmirik (gülür).

– Karyeranızı Polşada davam etdirmək, yoxsa Bundesliqaya qayıtmaq istəyirsiniz?

– Oynamaq. Futbolçu oynadıqca xoşbəxtdir. Ölkədən çıxarkən arzum Top-5 liqalara getmək idi. Ən azından çalışıb-çabalayıram. Hazırda Polşada çıxış edirəm və orada xoşbəxtəm. İstərdim ki, qollarımın və oyunlarımın sayı daha artıq olsun. Bilirəm ki, xüsusilə karyerasını bitirmiş futbolçular bir dəqiqə meydana çıxmaq üçün hər şeyini fəda edərdilər. Biz oynadıqca xoşbəxt oluruq. Sadəcə oynamağa fikrimi kökləmişəm. Allah zədədən qorusun.

– Ötən mövsüm türkiyəli iş adamı Acun Ilıcalının sizə zəng vuraraq sahibi olduğu “Hall Siti”yə dəvət etdiyi bildirilirdi. Həmin komanda Premyer Liqaya yüksəldi. İngiltərəyə getmədiyiniz üçün peşmanlıq var?

– Yox, peşmanlıq olmadı. Çünki onsuz da Sergey Yakiroviçin baş məşqçiliyi altında "Dinamo Zaqreb"də çıxış etmişəm. Hörmət etdiyim mütəxəssisdir, o da mənə çox hörmət edir. Professional və yaxşı münasibətimiz var. Bilirdim ki, mən onun sisteminə uyğun futbolçu deyiləm. Çünki o, başqa tip hücumçulardan faydalanmağı üstün bilir. "Dinamo Zaqreb"dən də ayrılmağımın səbəbi o idi. Məsələ mən bacarmadım və ya o istəmədi deyil. Sadəcə, hər məşqçinin bir sistemi var, bir cür futbol oynatmağı xoşlayır. Və o sistemə uyğun deyiləm. Getsəydim də, komandanın Premyer Liqaya çıxmasında nə dərəcədə pay sahibi olacaqdım, bilmirəm.

– Ancaq hər bir futbolçu Premyer Liqada oynamağı arzulayır. Şans bir dəfə ələ düşdü, yenidən şans olacaqmı, sual altındadır.

– Görək də… Dediyim kimi, bu barədə çox düşünmək istəmirəm.

– İndiki çıxışınıza görə təkliflər gəlməyə başlayıb?

– Mövsüm yeni başlayıb. Hazırda təklifim yoxdur.

– Qış fasiləsində hansısa dəyişiklik olacaq?

– Bilmirəm. Qışa qədər baxarıq. Ola bilər, 20 qol vurum, ola da bilər, heç qol vurmayım. (gülür) Bu dəyişə bilər. Amma önəmlisi oyundan-oyunu fikirləşməkdir. Çox da gələcəyi düşünməyə gərək yoxdur.