BAKI, 25 sentyabr. TELEQRAF

İngiltərə, Almaniya, İtaliya və İspaniyanın aparıcı futbol liqalarının rəhbərləri Beynəlxalq Futbol Federasiyasının (FİFA) idarəetmə sistemində təcili islahatlara çağıran birgə bəyanat hazırlayırlar.

Teleqraf xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin məlumatına görə, liqalar qlobal futbol təqvimi də daxil olmaqla əsas məsələlər üzrə daha geniş məsləhətləşmələrin aparılmasını tələb edəcəklər.

Bəyanatda FİFA prezidenti Canni İnfantinonun istefasına çağırışın yer alıb-almayacağı isə hələlik məlum deyil.

Xatırladaq ki, iyulda İnfantinonun FİFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək şirkət yaratmaq istədiyi məlum olmuşdu. Onun fikrincə, “FIFA Forward Enterprise” şirkətinin yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artırmalı və dünyada futbolun inkişafına töhfə verməli idi.

FİFA sözügedən sxemin 4,2 milyard dollar vəsait cəlb edə biləcəyini bildirmişdi. Lakin təşəbbüs futbol funksionerləri, federasiyalar və digər təşkilatlar tərəfindən geniş tənqid olunub.

56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA prezidenti seçilib. Daha sonra o, alternativ namizəd olmadan iki dəfə yenidən bu vəzifəyə seçilib.

FİFA prezidentinin növbəti seçkisi 2027-ci ilin martında keçiriləcək.